02.03.2022

“Bahar çələngi” adlı layihəyə start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Bahar çələngi” adlı layihəyə start verilir.

Layihənin əsas məqsədi təhsilalanları mənəvi dünyamızın bir hissəsi olan Novruz bayramı, bütövlükdə dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirməkdən ibarətdir.

Layihə çərçivəsində ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində “Bahar  çələngi” adlı  Novruz tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə, məktəb  kitabxanalarında  “Novruz bayramı bədii ədəbiyyatda” adlı tədbirlər təşkil olunacaq, mənəvi  dəyərlərimizin  əks  olunduğu  bədii nümunələr (əsərlər) əsasında  tamaşalar hazırlanacaq.

Novruz bayramının qeyd edildiyi digər ölkələrin də adət-ənənələrinin əks olunduğu seminarların keçirilməsi, idman yarışları və xalq oyunlarının, “Novruz  bayramı və mətbəx mədəniyyətimiz” adlı kulinariya günlərinin təşkil olunması planlaşdırılır.

Eyni zamanda, “Bahar  çələngi” adlı Novruz guşələrinin  və  divar qəzetlərinin  hazırlanması, məktəb həyətinin yaşıllaşdırılması, “Bahar çələngi”  festivalının keçirilməsi də nəzərdə tutulur.

Layihə çərçivəsində həyata keçirilən tədbirlərdə fərqlənən təhsil müəssisəsi, müəllim və şagirdlər təltif olunacaqlar.