05.03.2022

 “Açıq dərs”lərin hesabat tədbiri

Təhsil müəssisələrinin müəllim-şagird heyətinin partlayıcı hərbi sursat və mina təhlükəsinə dair maarifləndirilməsi ilə bağlı təşkil olunan “Açıq dərs”lərin hesabat tədbiri keçirilib.

Paytaxtdakı 247 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev, Nəsimi Rayon İcra Hakimiyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi, kapitan Süleyman Heydərov, hərbi ekspert, polkovnik-leytenant Ruslan İmamquliyev, Nəsimi Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəis müavini Elgiz Panıyev, Vətən Müharibəsində iştirak edən müəllimlər, Nəsimi rayonu ərazisində yerləşən məktəblərin Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri, müəllimlər və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər “Açıq dərs”lərin keçirilməsinin əhəmiyyətindən daşıraq bildiriblər ki, əsas məqsəd təhsil müəssisələrinin müəllim-şagird heyətinin diqqətini baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, onların partlayıcı hərbi sursat və mina təhlükəsinə qarşı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

Tədbirdə Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri, həyat bilgisi fənnini tədris edən müəllimlər, valideynlər qəza zamanı göstərilən ilk tibbi yardım, minaların növləri, onların təhlükəsi və digər mövzular barədə əyani vəsaitlər və videoçarxlar vasitəsilə məlumatlandırılıblar.

Eyni zamanda partlayıcı hərbi sursat və mina partlayışı nəticəsində yaralanmış qazilər partlayıcı qurğuların törətdiyi təhlükədən danışaraq bununla bağlı öz tövsiyələrini veriblər.

Qeyd edək ki, maarifləndirici “Açıq dərs”lər fevral ayı ərzində paytaxtın inzibati rayonlarının ümumi təhsil müəssisələrini əhatə edib.