18.03.2022

Paytaxt məktəblilərinin Novruz şənliyi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.

Xalqımızın qədim tarixini, milli adət və ənənələrini  gənc nəslə daha yaxından tanıtmaq, təbliğ etmək məqsədilə 20 nömrəli məktəb-liseydə keçirilən tədbirdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini, Yerli təhsili idarəetmə orqanları ilə iş sektorunun müdiri Orxan Abbasov, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, idarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir iştirakçıları ilk olaraq məktəb-liseyin fəaliyyətini əks etdirən stendlərlə tanış olub, şagirdlərin hazırladıqları maraqlı təqdimatları izləyib, məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva tədbir iştirakçılarını xalqımızın milli bayramı olan Novruz münasibətilə təbrik edərək, bayramın xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini dünyaya tanıtdıran qədim el bayramı olduğunu bildirib.

Novruzun sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın nişanəsi olduğunu deyən idarə müdiri  bu bayramın yenidən Qarabağ torpaqlarında keçirilməsinin insanlara ayrıca bir sevinc bəxş etdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən qonaqlar xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. Bildirilib ki, zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət və səmimi münasibətləri bərqərar edən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri doğurur.

Bayram şənliyində Novruz personajları olan Keçəl və Kosanın məzəli oyunları, Dədə Qorqud və Bahar qızın gəlişi, idmançıların, tarixi və kino personajlarının çıxışları tədbir iştirakçılarının marağına səbəb olub.

Tədbirdə şagirdlər və Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvləri baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, yallı gedib, şeirlər səsləndirib, maraqlı səhnəciklər və digər özfəaliyyət bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, tədbirdə paytaxtdakı peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin şagirdlərinin əl işlərindən ibarət sərgi-yarmarka da keçirilib.