04.04.2022

Paytaxt məktəbində şəhidin büstünün açılış mərasimi keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 285 nömrəli tam orta məktəbdə şəhid Bünyadəli Pələngovun 65 illik yubileyi münasibətilə büstünün açılışı və xatirəsinə həsr olunmuş “Şəhid köynəkli ömür” adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbir Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, millət vəkili Etibar Əliyev, şəhidin qardaşı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Əbülfət Pələngov, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün belə təşəbbüslərin təqdirəlayiq olduğunu bildirib.

İdarə müdiri I Qarabağ müharibəsi iştirakçısı olan Bünyadəli Pələngov kimi müstəqilliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların gənc nəslə örnək olduğunu, Vətən uğrunda canını qurban verən igidlərin heç zaman unudulmayacağını deyib. Həmçinin qəhrəmanlarımızın, şəhidlərimizin başladığı mübarizə yolunun qələbə ilə başa çatmasının hər bir azərbaycanlının qürur yeri olduğunu qeyd edib. 

M.Vəliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrikliyi və böyük sərkərdəlik məharəti sayəsində 44 gün ərzində torpaqlarımızın azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu söyləyib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətən Müharibəsində qazanılan qələbənin son illərdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü iqtisadi, siyasi və diplomatik sahədə həyata keçirdiyi misilsiz tədbirlərin, islahatların, quruculuq və idarəetmə işlərinin nəticəsi olduğunu, qazanılmış tarixi zəfərimizin milli kimliyimizi, birliyimizi və gücümüzü bütün dünyaya nümayiş etdirdiyini bildirib.

Həmçinin Vətənin adını ucaldan, Azərbaycana yüksək fəxarət, şərəf gətirən şəhid, qazi və Milli Qəhrəmanların ailələrinin dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğu vurğulanıb.

Tədbirdə çıxış edən şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Daha sonra tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Bünyadəli Pələngov “İgidliyə görə” medalı ilə təltif olunub. Doğulub boya-başa çatdığı Lerik rayonunun Züvüç kəndindəki orta məktəb və övladlarının təhsil aldığı Bakı şəhəri 285 nömrəli orta məktəb onun adını daşıyır.