30.04.2022

Bakı Elm Olimpiadasının I mərhələsi keçirilib

Aprelin 30-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında Bakı Elm Olimpiadasının I mərhələsi keçirilib.

Paytaxtdakı 18 nömrəli tam orta məktəbdə təşkil olunan olimpiadada BŞTİ-nin rəhbərliyi və əməkdaşları, KİV nümayəndələri bilik yarışının gedişini izləyib.

Olimpiadada 800-ə yaxın şagird iştirak edib. Komanda şəklində yarışan VIII, IX, X sinif şagirdləri 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını yerinə yetiriblər.

I mərhələdə test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla qiymətləndiriləcək. Olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 12 komanda olimpiadanın final mərhələsində (25-26 may) iştirak üçün vəsiqə qazanacaq.

Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, dərin biliklərə malik şagirdləri aşkar etməkdən ibarətdir.