06.05.2022

Paytaxt məktəblərində “Şuşa İli” ilə bağlı tədbirlər davam edir

Paytaxt məktəblərində “Şuşa İli” ilə bağlı keçirilən tədbirlər davam edir. Belə ki, 210 nömrəli tam orta məktəbdə “Ata vəsiyyəti – Şuşam”, 153 nömrəli tam orta məktəbdə “Könlüm keçir Qarabağdan” adlı tədbirlər, 125 nömrəli tam orta məktəbdə isə “Şuşa, sən azadsan!” mövzusunda ədəbi-bədii kompozisiya təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi nümayəndələrinin, yerli icra qurumlarının, ziyalıların, şair və yazıçıların, şəhid ailələrinin, məktəblərin pedaqoji kollektivi, valideyn və şagirdlərin iştirak etdiyi tədbirlərdə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan etməklə milli-tarixi-mədəni və ictimai-siyasi yaddaşımızı təzələyir, gənc nəslə vətənpərvərlik, zəngin mədəni irsimizə bağlılıq hissi aşılayır, milli-mənəvi dəyərlərimizə sahib çıxmaq nümunəsi göstərir.

Qeyd edək ki, “Şuşa İli” ilə bağlı tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaq və onların xatirəsini yad etməkdən ibarətdir.