14.06.2022

Paytaxt məktəblərində “Son zəng” tədbirləri keçirilib

İyunun 14-də paytaxtın ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.

Paytaxt məktəblərində keçirilmiş “Son zəng” tədbirlərində təhsil naziri Emin Əmrullayev, nazir müavinləri İdris İsayev, Muxtar Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyinin və BŞTİ-nin struktur bölmə rəhbərləri, məzunlar, valideyn komitələri, valideyn-müəllim assosiasiyaları, ictimaiyyət nümayəndələri və müəllimlər iştirak ediblər.

Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı maraqlı proqram nümayiş etdirilib.

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar.

“Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunub. 

Qeyd edək ki, 2021-2022-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 35 100, XI siniflərini isə 23 505 nəfər bitirib. Paytaxtda 46 470 nəfər I sinfi, 134 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vurub.