16.06.2022

Müsabiqənin məktəb mərhələsi başa çatıb

“Mənim gündəliyim” adlı  oxu və yaradıcılıq  müsabiqəsinin məktəb mərhələsi başa çatıb.

Müsabiqənin ilk mərhələsində 3000-dən çox şagird məktəb kitabxanalarından istifadə etməklə Azərbaycan və  dünya  ədəbiyyatı nümunələrini oxuyaraq gündəlik hazırlayıb.

İkinci mərhələdə isə şagirdlərin təqdim etdiyi gündəliklərə Münsiflər heyəti tərəfindən baxış keçiriləcək, qiymətləndirmə meyarlarına  uyğun olaraq  ən yaxşı işlər seçiləcək.

“Mənim gündəliyim” adlı  oxu və yaradıcılıq müsabiqəsinin Bakı şəhər mərhələsinin nəticələrinə əsasən, 5 nəfər I, 5 nəfər II, 5 nəfər III yer olmaqla, ümumilikdə,15 şagird qalib adını qazanacaq. Xüsusi fəallığı ilə fərqlənən 10 şagirdə Tərifnamə, fəal iştiraka  görə  25 şagirdə isə Təşəkkürnamə təqdim  olunacaq.

Qaliblər BŞTİ tərəfindən  diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Qeyd edək ki, iki mərhələdən ibarət müsabiqədə Bakı şəhəri ümumi təhsil müəssisələrinin şagirdləri iştirak edirlər. Müsabiqənin keçirilməsinin əsas məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu  və yazı  bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və  dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması,  istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara  dəstək  göstərilməsindən ibarətdir.