05.11.2022

Yeni qaydalarla bağlı müzakirə keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) “Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları” ilə bağlı müzakirə keçirilib.

Görüşdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənov və məktəb direktorları iştirak edib.

Görüşdə çıxış edən müdir müavini Hüseyn Əsgərov “Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları”nın şagirdlərin bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamın tənzimlənməsini müəyyən etdiyini, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək məqsədilə hazırlandığını bildirib. H.Əsgərov məktəb idarəçiliyində, şagird-müəllim, məktəb-valideyn münasibətlərində sistemlilik yaratmaq üçün vahid qaydaların tətbiqinin zəruri olduğunu diqqətə çatdırıb. 

Görüşdə valideynlər, məktəb heyəti və şagirdlər tərəfindən yolverilməz və hüquqi məsuliyyət yarada bilən davranış nümunələri, həmçinin şagird-müəllim, məktəb-valideyn münasibətlərini tənzimləməkdə vahid qaydaların tətbiqi və digər bu kimi suallara aydınlıq gətirilib.

Sonda müvafiq mövzularla bağlı təklif və tövsiyələr səsləndirilib.