05.11.2022

Paytaxt məktəblərində Zəfər Günü və Dövlət Bayrağı Günü tədbirləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 8 Noyabr-Zəfər  Günü və 9 Noyabr-Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər təşkil olunub.

Belə ki, ümumi təhsil müəssisələrində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, yaradıcılıq müsabiqələri, intellektual oyunlar, idman yarışları, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunub.

Tədbirlər ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb. Şagirdlərə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü və milli suverenliyin simvolu, qürur mənbəyimiz olan bayrağımızın yaranma tarixi barədə ətraflı məlumat verilib.

Bundan əlavə, Zəfər Günü ilə bağlı məktəblərdə Zəfər muzeyləri, lektoriyalar, şəhidlərin büst və barelyefləri, abidə kompleksləri açılıb, Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyaları keçirilib. Şagirdlərin Vətən Müharibəsi Memorial Kompleksinə və Hərbi Qənimətlər Parkına ekskursiyaları təşkil olunub.

Tədbirlərdə şagirdlər Qarabağ Zəfəri, üçrəngli bayrağımız, vətənpərvərlik mövzularında şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.