12.11.2022

“Vətəndaş məmnunluğunun idarə olunması” mövzusunda təlim keçirilir

Elm və Təhsil Nazirliyinin əməkdaşları və ümumi təhsil müəssisələrinin rəhbərləri üçün ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən “Vətəndaş məmnunluğunun idarə olunması” mövzusunda təlim keçirilir.

Təlim Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilib.

Müasir vətəndaşın tələbləri, vətəndaşlara xidmət və bu prosesin idarə olunması, məmnunluq anlayışının əhəmiyyəti, insan tanıma və anlama bacarıqları, emosiyaları idarə etməyin, ünsiyyət bacarıqlarının və diqqətin vacibliyi, alternativ düşüncə yarada bilmə üsulları təlimin əsas mövzularıdır. Daha çox praktika əsaslı olan təlimdə diskussiyalar, qrup işləri xüsusi yer alır.

Qeyd edək ki, növbəti mərhələdə ümumtəhsil məktəblərinin direktor müavinləri, regional təhsil idarələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin vətəndaşlara xidmət edən əməkdaşlarına da təlimlər keçiriləcək.