17.11.2022

Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanının vaxtı açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan 331 nömrəli tam orta məktəbə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi noyabrın 20-si saat 10:00-da keçiriləcək.

İmtahan Bakı şəhəri 20 nömrəli məktəb-liseyin (ünvan: Yasamal rayonu, Parlament prospekti 7/11) binasında təşkil olunacaq.

İmtahanda namizədlərə tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, əmək və təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla, ümumilikdə 45 test tapşırığınının cavablandırıması üçün 80 dəqiqə vaxt veriləcək.

Namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.

İmtahana buraxılışın, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.

Qeyd edək ki, cari il üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanlarında keçid balını toplamış namizədlər müvafiq prosesdə yalnız müsahibə mərhələsində iştirak edə bilərlər.