12.12.2022

Ümummilli Liderin xatirəsi təhsil müəssisələrində anılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbirlər təşkil olunub.

Təhsil müəssisələrində Heydər Əliyevin anım günü ilə əlaqədar konfrans, “Dəyirmi masa”, mühazirə və seminarlar, sərgi, müsabiqə və idman yarışları keçirilib.

Tədbirlərdə BŞTİ, rayon icra hakimiyyətləri, müxtəlif  idarə və təşkilatların nümayəndələri, təhsil  müəssisələrinin  pedaqoji kollektivləri, şagirdlər və valideynlər iştirak ediblər.

Anım tədbirlərində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Tədbirlərdə şagirdlərə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmizin nüfuzunun artması, hərtərəfli inkişafa nail olunması, müstəqilliyimizin əbədi və dönməzliyinin tam təmin edilməsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, dahi şəxsiyyətin nüfuzu, onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, nəsillərə nümunə olan həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlu addımlar bu gün hər bir vətəndaş tərəfindən minnətdarlıqla anılır. Dahi Liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb.

Həmçinin tədbirlərdə Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin bu gün qalib ölkənin lideri kimi dünyada tanındığı və onun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi şücaət sayəsində ərazi bütövlüyümüzün bərpa olunduğu, Qarabağ həsrətinə son qoyulduğu qeyd olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğu şagirdlərin diqqətinə çatdırılıb. Bildirilib ki, “Heydər Əliyev İli” ömrünü xalqına, Azərbaycanın inkişafına, çiçəklənməsinə həsr edən, misilsiz xidmətləri ilə tarixin yaddaşında əbədiləşən böyük azərbaycanlını, Heydər Əliyev dühasını daha dərindən dərk etmək baxımından yaradılmış bir imkandır.

"Şərəfli ömür yolu", “Şəxsiyyətin zirvəsi”, “Heydər Əliyev Azərbaycan gəncliyi üçün əbədi nümunədir”, “Xalqa bağışlanan ömür” və digər mövzularda keçirilən tədbirlərdə məktəblilər Ulu Öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Paytaxt məktəblərinin müəllim və şagird kollektivlərinin Heydər Əliyevin anım günü ilə bağlı Fəxri xiyabana ziyarətləri və Heydər Əliyev Mərkəzinə ekskursiyaları da təşkil olunub.