12.12.2022

“Ulu Öndər xatirələrdə” adlı tədbir keçirilib

Müasir Azərbaycanın qurucusu Heydər Əliyevə həsr olunmuş “Ulu Öndər xatirələrdə” adlı tədbir keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon Komitəsinin sədri Həzəlxan Əbilov, şəhid Hatəm İskəndərovun anası Xanım İskəndərova, Ruhulla Axundov adına Mədəniyyət evinin müdiri Afət İbrahimova, OCEP lahiyəsinin koordinatoru Namiq Cəfərov, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Cəfərov, məktəb direktorları və digər qonaqlar iştirak ediblər. 

Tədbirdən öncə Ümummilli Liderin xatirəsinə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Paytaxtdakı 206 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Cavid Cəfərzadə qonaqları salamlayaraq Ulu Öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirib. Məktəb direktoru Heydər Əliyevin təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün uğurla davam etdirildiyini, Ümummilli Liderin zəngin irsinin təbliğinin şagirdlərin müvafiq biliklərinin daha da zənginləşdirilməsinə zəmin yaratdığını diqqətə çatdırıb. 

BŞTİ-nin müdiri Mehriban Vəliyeva müasir Azərbaycanın memarı Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, ölkənin təhsil sisteminə göstərdiyi diqqət və qayğıdan bəhs edib.

M.Vəliyeva bildirib ki, Dahi Liderin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində təhsil sahəsində böyük nailiyyətlər əldə olunub. İdarə müdiri Azərbaycan Prezidenti İlham Əliyevin Ümummilli Liderin ideyalarını uğurla həyata keçirdiyini və bu gün ata vəsiyyətini yerinə yetirmiş qalib sərkərdə kimi dünyada tanındığını söyləyib.

M.Vəliyeva Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasını dahi rəhbərə olan ümumxalq sevgisinin təcəssümü, xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətləri ilə çoxəsrlik tariximizin ən parlaq səhifələrini yazan Ulu Öndərə böyük ehtiramın göstəricisi olduğunu vurğulayıb.

Sonra Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.