14.12.2022

Gənclərin çağırışaqədərki hazırlığı kabinetinin açılış mərasimi

Paytaxtdakı 208 nömrəli tam orta məktəbdə müasir avadanlıqlarla təchiz olunmuş Gənclərin çağırışaqədərki hazırlığı kabinetinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Müdafiə Sənayəsi Nazirliyinin Aparat rəhbəri Zaur Əliyev, müdafiə sənayəsi nazirinin müşaviri Arif Babayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi general-mayor Çingiz Kiçibəyov, BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Təlimə Dəstək Mərkəzinin metodisti Mürsəl Qurbanov, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev, məktəbin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbəri Elməddin Həsənov, görkəmli memar Ramiz Hüseynov və digər qonaqlar iştirak ediblər.

Öncə qonaqlar Gənclərin çağırışaqədərki hazırlığı kabinetində və Virtual trenajor zalında yaradılan şəraitlə tanış olublar.

Müdafiə sənayəsi nazirinin müşaviri Arif Babayev nazirliyin təşəbbüsü ilə yaradılan Gənclərin çağırışaqədərki hazırlığı kabineti barədə ətraflı məlumat verib.

Açılış mərasimində çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva İdarə tərəfindən məktəblilərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində tədris ili ərzində müxtəlif tədbirlər həyata keçirildiyini bildirib.

M.Vəliyeva müasir dövrün tələblərinə uyğun, hərbi sahə ilə bağlı bütün ləvazimatlarla təchiz olunan Gənclərin çağırışaqədərki hazırlığı kabinetinin yaradılmasının X və XI sinif şagirdlərinin dərsə marağının daha da yüksəldəcəyinə əmin olduğunu bildirib. M.Vəliyeva Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisinin məqsədinin məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, orduya gənc hərbi qulluqçuların hazırlanmasını təmin etməkdən ibarət olduğunu xatırladıb. Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə qayğı göstərildiyini bildirən M.Vəliyeva azad olunmuş torpaqlarımızda həyata keçirilən böyük quruculuq işlərinə müasir gəncliyin də öz layiqli töhfələrini verəcəklərinə əminliyini bildirib.

Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov ilk olaraq Müdafiə Sənayəsi Nazirliyinə təşəkkürünü bildirib. Yüksək dünyagörüşünə və bacarıqlara malik gənclərin hazırlanmasında ümumi təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünə diqqət çəkən F.Qədirov regionlarda da bu cür GÇH kabinetlərinin yaradılmasının vacibliyini qeyd edib.

Müdafiə Sənayəsi Nazirliyinin Aparat rəhbəri Zaur Əliyev səmərəli əməkdaşlığa görə Elm və Təhsil Nazirliyinə və BŞTİ-yə təşəkkürünü bildirib, bundan sonra da məktəblərdə müasir təchizatlı GÇH kabinetlərinin yaradılması təşəbbüslərini dəstəkləyəcəklərini nəzərə çatdırıb.

Tədbirdə çıxış edənlər parta arxasında əyləşən hər bir şagirdin hərbi xidmət keçmək, Vətəni müdafiə etməyin onun övladlıq borcu olduğunu anlamasının vacibliyinə toxunublar. Həmçinin hər an Vətənin müdafiəsinə hazır olmağın gənc nəslin yüksək mənəvi keyfiyyəti hesab olunduğunu bildiriblər.

Açılış mərasimi “Mən Vətənin əsgəriyəm” tədbiri ilə davam edib. Tədbirdə şagirdlər vətənpərvər ruhda şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiya göstəriblər.