14.12.2022

Təltif olunmuş təhsil işçiləri ilə görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) səmərəli fəailyyətinə görə təltif edilmiş bir qrup təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim olunub.

Bu münasibətlə təşkil olunan tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan BŞTİ-nin müdiri Mehriban Vəliyeva Elm və Təhsil Nazirliyi təltif olunan müəllimləri təbrik edib, onlara təhsil sahəsindəki səmərəli fəaliyyətlərində uğurlar arzulayıb.

Dövlət başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində aparılan islahatlardan danışan İdarə müdiri ölkəmizdə təhsil işçiləri, xüsusən də  müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

Təltif olunan müəllimlərin uğurlu təcrübələrini çalışdıqları təhsil müəssisələrində öz həmkarları arasında bölüşmələrinin vacibliyindən bəhs edən İdarə müdiri bunun ümumilikdə təhsilimiz üçün səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Sonra təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə, təltif olunmuş 11 nəfər təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 17  nəfər təhsil işçisinə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim edilib.

Təhsil işçiləri onların əməyinə verilən dəyərə görə təşəkkürlərini bildirib və bundan sonra da üzərlərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gələcəklərini söyləyiblər.