16.12.2022

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib

“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən məktəblilərin referat müsabiqəsində seçilmiş yazı işlərindən ibarət növbəti kitabın təqdimat mərasimi keçirilib.

Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Şükürovun oğlu Ümid Şükürlü, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir Ulu Öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Ümummilli Lider Heydər Əliyev və Vətən Müharibəsində qazandığımız tarixi qələbəmizdən bəhs edən videoçarx nümayiş olunub.

Təqdimat mərasimində çıxış edən BŞTİ-nin müdiri M.Vəliyeva “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə paytaxt məktəbliləri arasında təşkil olunmuş inşa müsabiqəsinin şagirdlərin tariximizə, tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə və müasir Azərbaycanın inkişaf yoluna diqqət və marağını artırmaq məqsədlərinə xidmət etdiyini söyləyib. Bildirib ki, bu müsabiqə şagirdlərə elmi araşdırma və tədqiqat aparmaq, tarixi faktları analiz edərək müəyyən nəticəyə gələ bilmək bacarığı aşılamaq baxımından olduqca əhəmiyyətlidir.

BŞİH-nin başçısı E.Əzizov Heydər Əliyev dühası və onun ölməz ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycanın inkişafı, çiçəklənməsi naminə göstərdiyi xidmətlərdən bəhs edib.

Tədbirdə 6 nömrəli tam orta məktəbin direktoru Gülşən Orucova, 201 nömrəli tam orta məktəbin müəllimi Nahidə Əliyeva, 118 nömrəli tam orta məktəbin X sinif şagirdi Fatimə Məmmədli, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Şükürovun oğlu Ümid Şükürlü və digər çıxış edənlər keçirilən konfranslar, şagirdlərin hazırladıqları referatlar barədə məlumat veriblər. Qeyd ediblər ki, ənənəvi olaraq hər il on minlərlə şagirdi əhatə edən bu konfranslarda məktəblilər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan tarixindəki rolu, Vətən Müharibəsində qazanılan şanlı qələbə barədə öz elmi məqalələri ilə çıxış ediblər.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində BŞTi və BŞİH-nin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktiki konfranslar keçirilib. Bakı şəhər məktəblərində keçirilən bu konfranslarda 2000-dən çox şagirdin Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair hazırladıqları monoqrafiyalardan paytaxtın hər rayonu üzrə 5 referat olmaqla, ümumilikdə 60 iş komissiya tərəfindən seçilərək BŞİH-nin dəstəyi ilə çap olunan kitaba daxil edilib.