20.12.2022

 Xalq şairinin “Məktəbdə...” görüşü

“Məktəbdə...” layihəsinin növbəti görüşü Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən layihənin budəfəki qonağı Xalq şairi Ramiz Rövşən olub.    

Görüşdə R.Rövşən özünün uşaqlıq, gənclik illərindən, həyatında rol oynayan dəyərli müəllimlərindən, məktəb xatirələrindən söz açıb. Dillər əzbəri olan seirlərinin yaranma tarixçəsi, yaşlı və gənc nəsil arasında poeziyaya münasibət, tarixi Qarabağ Zəfərinin Azərbaycan poeziyasında, nəsr nümunələri və filmlərdə ən mükəmməl şəkildə öz əksini tapmasının vacibliyi kimi maraqlı mövzular ərtafında danışan R.Rövşən şagirdləri düşündürən suallara aydınlıq gətirib.

Məktəblilərlə görüşdə qonaq qismində aktyor, qiraətçi Xəzər Süleymanlı da iştirak edərək şairin seirlərini səsləndirib.

Daha sonra şagirdlər R.Rövşənin şeirlərindən ibarət kompozisiyalar nümayiş etdiriblər.

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.