22.12.2022

“Şuşa İli”nin yekun tədbiri keçirilib

Paytaxtdakı 20 nömrəli məktəb-liseydə “Şuşa İli”nin yekununa həsr olunmuş “Zəfərin təntənəsi” adlı tədbir keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, millət vəkili Sadiq Qurbanov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, şəhid ailələri, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan məktəb-liseyin direktoru Esmira Ağayeva Vətən Müharibəsində qazanılan tarixi Zəfər, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə elan olunan “Şuşa İli”nin Azərbaycan təhsili qarşında qoyduğu vəzifələrdən danışıb.

BŞTİ-nin müdiri M.Vəliyeva “Şuşa İli”nin tarixi əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, “Şuşa İli” 2022-ci ildə bu qədim Azərbaycan şəhərinin əsasının qoyulmasının 270 illiyinin tamam olması və ölkəmizdə milli-mədəni və tarixi irsin qorunmasına, təbliğinə dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyinin nümayişi idi. İdarə müdiri qeyd edib ki, “Şuşa İli” həm də həyata keçirilən tədbirlərlə Qarabağın əsl sahibinin kim olduğunu dünya ictimaiyyətinə bir daha göstərməklə uzun illər tarixi saxtalaşdırmaq istəyən ermənilər və onların yalanlarını əyani faktlarla ifşa eidi. M.Vəliyeva, həmçinin “Şuşa İli”nin ən mühüm hədəflərindən birinin Qarabağda quruculuq işləri və işğaldan azad edilən ərazilərə qayıdışı sürətləndirmək olduğunu diqqətə çatdırıb.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini H.Əfəndiyev bildirib ki, “Şuşa İli” çərçivəsində həm dövlət, həm özəl qurumlar, qeyri-hökumət  təşkilatları tərəfindən Şuşanın tarixi, onun Qarabağın və bütövlükdə Azərbaycanın iqtisadi, mədəni həyatında oynadığı rol, işğal dövründə məruz qaldığı vandallıq, Azərbaycan Ordusunun şəhəri işğaldan azad edərkən göstərdiyi misilsiz qəhrəmanlıq və digər vacib məsələlərin geniş təbliği bütün dünyaya bir daha sübut etdi ki, Qarabağ, Şuşa əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb və 30 illik erməni işğalına son qoyaraq haqqı olan torpaqlarına geri dönüb.

Millət vəkili S.Qurbanov nəinki “Şuşa İli” çərçivəsində, ümumiyyətlə hər zaman Şuşanın qədim tarixinin, işğal dövründə ermənilər tərəfindən məhv edilən tarix-mədəniyyət abidələrinin, Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Qarabağı, Şuşanı işğalçılardan təmizləmək üçün göstərdikləri misilsiz qəhrəmanlıqların gələcək nəsillərə aşılanmasının böyük əhəmiyyət daşıdığını söyləyib.

Sonra şagirdlərin ifasında “Xurşudbanu Natəvan”, “Bir əsgərin dastanı” və “Qarabağ şikəstəsi” kompozisiyaları, Zəfərə həsr olunan şeir və mahnılar təqdim olunub.