22.12.2022

Məktəbəqədər təhsil müəssisələrinin işçiləri təlimlərə cəlb olunub

Paytaxtdakı məktəbəqədər təhsil müəssisələrində çalışan direktorlar, tərbiyəçi-müəllim və  metodistlər üçün təlimlər keçirilir.

Təlimlərin keçirilməsində məqsəd məktəbəqədər təhsil müəssisələri heyətinin peşəkarlığının artırılması, onları məktəbəqədər təhsil və idarəetmədə olan yeniliklər, yanaşmalar və strategiyalarla tanış etməkdən ibarətdir.

Təlimlərdə kurikulumla iş, yaş psixologiyası, valideynlərlə əməkdaşlıq, inklüziv təhsil, ilkin tibbi yardım, liderlik və idarəetmə, müxtəlif məktəbəqədər təhsil modelləri və digər mövzular barədə ətraflı məlumat verilir.

Təlimlərdə 3 000 nəfərin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə təlim prosesinin gedişatını izləyiblər.

Onu da qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş fəaliyyət istiqamətlərindən biri məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətin yaxşılaşdırılmasıdır. Bu baxımdan ehtiyaclar əsasında məktəbəqədər təhsil müəssisələrində peşəkar inkişafla bağlı təlimlərin davamlı keçirilməsi nəzərdə tutulur.