22.12.2022

“Zəfər” məktəblilərarası I tarix olimpiadası qalibləri mükafatlandırılıb

Bakı şəhəri üzrə ilk dəfə keçirilən “Zəfər” məktəblilərarası I tarix olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, qalib məktəblərin şagirdləri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri M.Vəliyeva müsabiqədə qalib gəlmiş şagirdləri  qazandıqları uğura görə təbrik edib. Bildirib ki, adında Zəfər olan bir müsabiqədə qalib gəlmək hər bir şagird üçün böyük bir qürur və fəxarətdir. M.Vəliyeva qeyd edib ki, hər bir insanda vətənpərvərlik ruhu, Vətənə sevgi, ilk növbədə, məktəbdə yaranır və formalaşır.

Xalqımızın böyük qələbəsində Azərbaycan təhsil işçilərinin böyük əməyi olduğunu söyləyən İdarə müdiri bildirib ki, Vətən Müharibəsi başlayan gündən təhsil işçiləri də könüllü olaraq döyüşə qatılıblar. Şanlı qələbənin qazanılmasına onlar da öz töhfələrini veriblər.

Daha sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər söylənib, mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Rəsmi hissədən sonra olimpiadanın yekununda qalib şagirdlərdən ibarət komandalar arasında “Kim? Nə? Harada?” intellektual oyunu təşkil olunub.

Oyunda ilk 3 yerə layiq görülən komanda diplomla təltif edilib.