23.12.2022

Paytaxt məktəblərində OCEP çərçivəsində tədbirlər keçirilib

Paytaxtdakı 193 nömrəli tam orta məktəbdə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində Azərbaycan-Qətər dostluğuna həsr olunan tədbir keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab və səfirliyin əməkdaşları, Milli Olimpiya Komitəsinin şöbə müdiri Səkinə Vəliyeva, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, İdarənin müvafiq struktur bölmə rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycanın və Qətərin Dövlət himnlərinin səsləndirilməsi, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nihal Hacıyeva qonaqları salamlayıb və OCEP çərçivəsində şagirdlərin uğurları barədə məlumat verib.

BŞTİ müdiri Mehriban Vəliyeva Avropa Olimpiya Komitələrinə üzv ölkələrin uşaq və gəncləri vasitəsilə mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etmək məqsədi daşıyan OCEP layihəsi barədə danışıb. İdarə müdiri paytaxt məktəblərində uğurla həyata keçirilən layihəni Azərbaycan və Avropa ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək, qardaşlaşmış məktəblər arasında məlumat və təcrübə mübadiləsi aparmaq, həmçinin olimpiya dəyərlərini təbliğ etmək baxımından yüksək qiymətləndirib.

Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ölkəsinin Milli Müstəqillik Günü ərəfəsində Azərbaycan məktəblilərinin iştirakı ilə hazırlanan maraqlı proqramı dost ölkənin ən gözəl hədiyyəsi kimi qiymətləndirib. Səfir bildirib ki, bu tədbir Azərbaycanla Qətər arasındakı güclü İslam həmrəyliyinə əsaslanan ənənəvi dostluq, əməkdaşlıq münasibətlərinin daha bir nümunəsidir.

 Görüşdə çıxış edənlər OCEP layihəsinə qoşulmuş məktəblərin Azərbaycanı başqa ölkələrdə tanıtmaqla yanaşı, həm də Avropa ölkələrinin tarixi, mədəniyyəti, incəsənəti və idmanının ölkəmizdə təbliğindəki rolundan bəhs ediblər.

Tədbirdə şagirdlərin ifasında Qətərin milli rəqsləri və ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

 

***

 

OCEP layihəsi çərçivəsində daha bir tədbir paytaxtdakı 220 nömrəli məktəb-liseydə keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkili Könül Nurullayeva, Milli Olimpiya Komitəsinin nümayəndələri, Olimpiya çempionu Rəsul Çunayev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəbin valideyn icmasının nümayəndələri, müəllimlər və digər qonaqlar iştirak ediblər.

Məktəbin direktoru Lətifə Əzimova qonaqları salamlayaraq şagirdləri dostluğa, qardaşlığa və birliyə çağırış edən OCEP layihəsi barədə məlumat verib.

BŞTİ-nin müdiri M.Vəliyeva 2019-cu ilin fevral ayından etibarən layihəyə cəlb olunmuş paytaxt məktəblərinin seçdikləri ölkələrin maddi-mənəvi irsi ilə bağlı hazırladıqları mədəni, idman həmrəyliyini təcəssüm etdirən silsilə tədbirləri, intellektual yarışları yüksək qiymətləndirib. Bildirib ki, OCEP bu yolla həmrəylik, sülhsevərlik, multikultural dəyərlərə sadiqlik mesajını bütün dünyaya ötürməkdədir.

İdarə müdiri tədbirdə iştirak edən valideynlərə məktəbin yanında olduqlarına, gələcəyimiz olan şagirdlərin hərtərəfli inkişafına xidmət edən bu cür tədbirlərin təşkilində nümayiş etdirdikləri həmrəyliyə görə minnətdarlığını bildirib.

Millət vəkili K.Nurullayeva təhsili, mədəniyyəti və idmanı özündə birləşdirən OCEP layihəsinin gələcəyin sağlam və əqidəli gəncliyinin yetişməsinə verəcəyi töhfələrdən danışıb və bu təşəbbüsü dəstəkləyən əlaqədar qurumlara, Azərbaycanla-İsveç arasıında mövcud olan dostluq münasibətlərini, mədəni əlaqələri hazırladıqları kompozisiyalarla nümayiş etdirən məktəblilərə təşəkkür edib.

Daha sonra şagirdlər Azərbaycan və İsveç milli nağıllarının sintezindən ibarət “Nağıllar aləmi” adlı kompozisiya və hər iki ölkənin milli rəqslərini nümayiş etdiriblər. Məktəblilərin çıxışları maraqla qarşılanıb.