26.12.2022

“Biliyini paylaş” layihəsinin II mərhələsi keçirilir

Ümumi təhsil müəssisələrinin müəllimləri üçün təşkil olunan “Biliyini paylaş” layihəsinin II mərhələsi həyata keçirilir.

Belə ki, layihənin I mərhələsində qabaqcıl təcrübəsini digər müəllimlər arasında paylaşmaq  arzusunda  olan təhsilverənlərin göndərdikləri sorğular Təşkilat Komitəsi tərəfindən təhlil olunub. Nəticədə,  59 müəllim  II mərhələdə iştirak etmək hüququ qazanıb.

Layihənin II  mərhələsində iştirakçı müəllimlər işlədiyi təhsil müəssisəsi, eləcə də yaxın məktəblərdə çalışan həmkarları ilə əməkdaşlıq quraraq öz komandasını yaradır. Komanda üzvlərinə mentorluq edən müəllim layihə əsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı öz bilik və bacarıqlarını komanda üzvlərinə aşılayır, onlarla birgə fəaliyyətlər icra edir. Müəllim komanda üzvlərinə mövzu ilə bağlı maarifləndirici seminarlar təşkil edir.

Layihə iştirakçısı olan müəllim layihə əsaslı öyrənməni dərs prosesində tətbiq edir, həmçinin komanda üzvləri olan digər müəllimlərin dərslərində iştirak edir, müəllimlərə tövsiyələrini verir və dəstək göstərir.

Layihədə fəal iştirak edən müəllimlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təltif ediləcək.

Qeyd edək ki, BŞTİ tərəfindən keçirilən layihənin əsas məqsəd ümumi təhsil məktəblərində interaktiv və əsaslandırılmış tədrisə yönəlmiş layihə əsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı aktual məsələyə diqqətin artırılması, bu istiqamətdə yaradıcı və yenilikçi müəllimlərin qabaqcıl təcrübəsinin öyrənilməsindən ibarətdir.