29.12.2022

Heydər Əliyev irsinin öyrədilməsi dərsləri

Ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı dərslər keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal və Binəqədi rayon təşkilatlarının lektoriya zallarında təşkil olunan dərslərdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin Komitə sədri, millət vəkili Sadiq Qurbanov, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Professor Şahlar Əsgərov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, İdarənin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Öncə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər.

Dərslər Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

YAP Yasamal rayon təşkilatının sədri B.Nəbiyev dahi şəxsiyyətin nüfuzu, onun nəsillərə nümunə olan həyat və fəaliyyəti,  Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlu addımlar barədə danışıb.

Millət vəkili S.Qurbanov “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin memarı olduğu daxili və xarici siyasət kursunun layiqli davamçısıdır” mövzusunda məruzə ilə çıxış edib.

Professor Ş.Əsgərov Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandığını, bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verdiyini deyib. Bildirib ki, digər mühüm sahələr kimi aktual hesab olunan təhsil də Ulu Öndərin qayğısı və diqqəti ilə bugünkü inkişaf səviyyəsinə yüksəlib.

AMEA-nın müxbir üzvü M.Mərdanov Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib.

YAP Binəqədi rayon təşkilatının sədri V.İsmayılov Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin əhəmiyyətindən bəhs edib.

BŞTİ-nin müdir müavini H.Əsgərov  Azərbaycanın sosial-iqtisadi qüdrətə malik güclü dövlət olmasını təmin edən Ümummilli Liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini S.Süleymanova sözügedən dərslərin şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanması işinə xidmət etdiyini diqqətə çatdırıb.

Bakı şəhəri 3 nömrəli tam orta məktəbin tarix müəllimi Vətən Hüseynov “İlham Əliyev və Böyük Qayıdışa gətirən yol” mövzusunda məruzə ilə çıxış edib.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, dərslər 2022-2023-cü tədris ilinin sonuna kimi davam edəcək.