23.01.2023

Məktəbdə yeni layihə təqdim olunub

Paytaxtdakı 262 nömrəli tam orta məktəbdə “Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsinin təqdimatı keçirilib.

Elm və Təhsil Nazirliyinin maliyyə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) texniki dəstəyi və “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin (“Ümid” SİD İB) “T-Network”- təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə birgə icra etdiyi layihənin təqdimatında BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, “Ümid” SİD İB-nin icraçı direktoru İsrayıl İsgəndərov, məktəb direktorları, müəllimlər və valideynlər iştirak ediblər.

Məktəbin direktoru Kəmalə Babayeva tədbir iştirakçılarını salamlayaraq layihənin əhəmiyyətindən danışıb, məktəbin layihədə hədəf olaraq seçilməsini kollektivə göstərilən etimad kimi qiymətləndirib. 

BŞTİ-nin müdir müavini H.Əsgərov məktəb-icma əməkdaşlığının gücləndirilməsi və icma üzvlərinin təhsil prosesinə cəlb edilməsi istiqamətindəki təşəbbüslərin əhəmiyyətindən, məktəb-icma əməkdaşlığının təhsil prosesinə təsirindən söz açıb.

 Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri G.Səfərova məktəb-ailə-icma əməkdaşlığı modelinin tətbiqi istiqamətində aparılan məqsədyönlü fəaliyyətlər barədə məlumat verib. Bildirib ki, icmanın təhsil prosesində yaxından iştirak etməsi məktəb-icma münasibətlərinin yaxşılaşması və məktəbin nüfuzunun artırılmasına böyük töhfələr verəcək.

 “Ümid” SİD İB-nin icraçı direktoru İ.İsgəndərov layihənin hədəfləri, əsas vəzifələr, fəaliyyətlər və əldə ediləcək nəticələr barədə təqdimatla çıxış edib.

Qeyd edək ki, layihə çərçivəsində 262 və 280 nömrəli tam orta məktəblərdə Məktəb İnkişaf Şurası yaradılaraq təlim sessiyaları təşkil ediləcək.

Daha sonra layihə ilə bağlı qarşlıqlı fikir mübadiləsi aparılıb.