22.02.2023

Ədibin 140 illik yubileyi qeyd olunub

Paytaxtdakı 298 nömrəli tam orta məktəbdə Əliabbas Müznibin anadan olmasının 140 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, “Unity company” şirkətinin direktoru Fikrət Əliyev, Binəqədi Rayon İcra Hakimiyyətinin və BŞTİ-nin nümayəndələri, məktəbin direktoru, müəllim və şagirdlər iştirak ediblər.

Öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib, şagirdlərin ifasında məktəb himnini dinləyiblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin, Vətən şəhidlərinin və Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xatirə Hacıyeva qonaqları salamlayaraq Ümummilli Liderin zəngin irsinin şagirdlər arasında təbliğinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb və Azərbaycan ədəbi-ictimai fikir tarixində əbədiləşən şair, publisist, ədəbiyyatşünas alim və tərcüməçi kimi tanınan Əliabbas Müznibin çoxşaxəli yaradıcılığa malik qələm sahibi olduğunu deyib.

BŞTİ müdiri Mehriban Vəliyeva məktəblərdə Azərbaycanın dəyərlərinə olan ehtiramı müşahidə etməyin xoş təəssüratlar yaratdığını bildirib və milli ictimai-fikir tariximizin qürurla andığımız şəxslərindən birinin də XX əsrdə yaşamış, həyatını xalqının milli azadlığı uğrunda mübarizəyə qurban vermiş vətənpərvər şair Əliabbas Müznib olduğunu qeyd edib.

M.Vəliyeva “Heydər Əliyev İli” çərçivəsində xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş görkəmli ictimai-siyasi xadimlərin keçdikləri ömür yolu barədə şagirdlərin məlumatlandırılması məqsədilə məktəblərdə təşkil edilən bu cür tədbirlərin zəruri olduğunu vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva Əliabbas Müznibin qiymətli irsini öyrənmək, onu gələcək nəsillərə çatdırmaq, yaradıcılığını gənc nəslə və oxuculara tanıtmağın vətənpərvər şairimizin irsinə ən dəyərli töhfə olduğunu bildirib. Q.Paşayeva Ə.Müznibin ədəbiyyatımız, tariximiz qarşısındakı xidmətlərinin Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra tədqiq edildiyini, əsərlərinin üzə çıxarılaraq nəşr olunduğunu vurğulayıb.

Müznibin bütün fəaliyyətində özünü həmişə bir məqsədə – Vətənin və xalqın milli azadlığı mübarizəsinə həsr etdiyini deyən millət vəkili onun bir millətin varlığının milli dilinin və milli adətlərinin qorunub saxlanılmasından asılı olduğunu hesab etdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən “Unity company” şirkətinin direktoru Fikrət Əliyev Azərbaycan ictimai-bədii fikir tarixində şair, tədqiqatçı, publisist, tərcüməçi, hər şeydən əvvəl istismar və işğal qüvvələrinə qarşı barışmaz mübariz kimi xüsusi yeri olan Əliabbas Müznibin həyat yolu barədə məlumat verib, onun ürəklərdə şeirləri ilə, səhnələrdəki mənzum əsərləri ilə yaşadığını söyləyib.

Tədbirdə şagirdlər “Həqiqət əhli daim yüksəklikdə aşiyan eylər” ədəbi-bədii kompozisiyasını nümayiş etdirib, şeirlər, mahnılar səsləndiriblər.

Tədbirdə 298 nömrəli məktəbin şagirdlərinin iştirakı ilə Ə.Müznibin “Youtube” səhifəsinin yaradılması qərara alınıb.

Sonda millət vəkili Q.Paşayeva tərəfindən şagirdlərə müxtəlif kitablar hədiyyə edilib. Həmçinin “Unity company” şirkəti tərəfindən 1 məktəblinin təhsil xərclərinin qarşılanacağı açıqlanıb.