Təhsil müəssisələrində Xocalı soyqırımının otuz birinci ildönümünə həsr edilən xüsusi dərslər keçirilib.
“Xocalı soyqırımının otuz birinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”na əsasən tədris olunan dərslər Xocalı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədlərinə xidmət edir.
Dərslər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Müəllimlər Xocalı soyqırımının Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmaqla dövlətimizin həm daxili, həm də xarici siyasətində daim diqqət mərkəzində olduğunu diqqətə çatdırıblar. Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb. Şagirdlər Vətənə, topağa aid şeirlər səsləndiriblər.
Bundan əlavə, təhsil müəssisələrində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilib, soyqırımı şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlər təşkil edilib.
Həmçinin təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri təşkil edilib, sənədli və bədii filmlər nümayiş olunub.