28.02.2023

Paytaxt məktəblərində idman həftəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş idman həftəsi çərçivəsində məktəblilər səhər gimnastikası edir, şagirdlərə idman növləri haqqında geniş məlumatlar verilir, idmançıların yarışlar ərəfəsində psixoloji hazırlığı mövzusunda söhbət aparılır.  

Dərslərdə şagirdlər idmanla məşğul olmağın sağlam həyat tərzinə müsbət təsirləri, həmçinin məktəblərin maddi-texniki bazasının və idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısı barədə məlumatlandırılırlar.

Ümumi təhsil müəssisələrində eyni zamanda idman nailiyyətləri olan idmançılarla görüşlər keçirilir. Həmçinin idman viktorinası və “Olimpiya oyunları uşaqların gözü ilə” sərgiləri təşkil olunur.

Bundan başqa, idman həftəsi çərçivəsində müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil ediləcək.

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən idman həftəsi martın 3-dək davam edəcək. 

Qeyd edək ki, idman həftəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması və sağlam həyat tərzinin təbliğindən ibarətdir.

/ 15