15.03.2023

Əməkdar jurnalist məktəblilərlə görüşüb

“Məktəbdə...” layihəsinin növbəti qonağı televiziya tənqidçisi, siyasi icmalçı, Əməkdar jurnalist Qulu Məhərrəmli olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin növbəti görüşü Bakı şəhəri 263 nömrəli tam orta məktəbdə keçirilib.

Şagirdlərlə interaktiv şəkildə keçən görüşdə Q.Məhərrəmli özünün məktəb illəri, müəllimləri ilə bağlı xatirələrindən, dövrünün məktəb mühiti ilə bugünün müqayisəsindən, müəllimlərinin həyatında oynadığı roldan, məşğul olduğu fəaliyyət sahələrindən, insanın öz peşəsində uğur qazanmasına səbəb olan amillərdən danışıb.

Qonaq daha sonra Azərbaycanın milli adət-ənənələri, elm və mədəniyyətinin təbliği, ana dilimizin inkişafı, qorunması istiqamətində məktəbin üzərinə düşən vəzifələrdən söz açıb. Q.Məhərrəmli informasiyanın insan həyatındakı rolu və öyrədici informasiyanı seçmək bacarığı haqqında da danışıb. Qonaq ixtisas seçimi astanasında olan gənclərə diqqət yetirməli olduqları məqamlarla bağlı tövsiyələr verib, şagirdləri düşündürən sualları cavablandırıb. 

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.