04.04.2023

Azərbaycan-Pakistan dostluğuna həsr olunmuş tədbir

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində Azərbaycan-Pakistan dostluğuna həsr olunmuş tədbir keçirilib.

Paytaxtdakı 20 nömrəli məktəb-liseydə təşkil olunmuş tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye və səfirliyin əməkdaşları, İdarənin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Milli Olimpiya Komitəsinin (MOK) nümayəndəsi Ruslan Məmmədov və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycanın və Pakistanın Dövlət himnlərinin səsləndirilməsi, Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Esmira Ağayeva qonaqları salamlayıb və OCEP çərçivəsində məktəbdə təşkil olunan tədbirlər, tədris ocağının əldə etdiyi uğurlardan danışıb.

BŞTİ müdiri Mehriban Vəliyeva paytaxt məktəblərində uğurla həyata keçirilən layihə barədə məlumat verib. Qeyd edib ki, layihə çərçivəsində ölkələrin maddi-mənəvi irsinə dair keçirilən tədbirlər, idman həmrəyliyini təcəssüm etdirən silsilə mərasimlər, intellektual yarışlar olimpiya dəyərlərini təbliğ etməklə yanaşı dünya ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək baxımından böyük əhəmiyyət daşıyır.   

İdarə müdiri layihə çərçivəsində Azərbaycan və Pakistan dostluğuna həsr olunan tədbiri yaxın dost, etibarlı müttəfiq olan ölkələrimizin birliyi baxımından yüksək qiymətləndirib. Vurğulayıb ki, hər iki ölkə məktəblilərinin layihə çərçivəsində əməkdaşlığı Azərbaycan və Pakistan arasında uğurla davam edən edən siyasi, iqtisadi, mədəni, müdafiə və digər sahələrdəki əlaqələrə  töhfədir.

Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye Azərbaycanla Pakistanı keçmişdən bu günə bağlayan tarixi-siyasi, mədəni-mənəvi və etnik köklər barədə danışıb. Səfir ölkəsi barədə Bakı məktəblilərinin iştirakı ilə hazırlanan maraqlı proqramı hər iki xalqın sarsılmaz birliyinin ən gözəl nümunəsi adlandırıb.

Tədbirdə Yasamal rayonu üzrə 11 ümümtəhsil məktəbinin şagirdləri arasında Pakistanın tarixinə, mədəniyyət və incəsənətinə, turizminə həsr olunmuş müsabiqə keçirilib. Müsabiqədə qalib gələn məktəblilər hədiyyələrlə mükafatlandırılıb.

 Daha sonra şagirdlərin ifasında Pakistan və Azərbaycanın milli rəqsləri, adət-ənənələrini əks etdirən ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

 

/ 20