05.04.2023

Məktəbdə Ulu Öndərin barelyefinin açılışı olub

Bakı şəhəri 171 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin barelyefinin açılış mərasimi və Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş “Neçə yüz illər keçəcək...” adlı tədbir keçirilib.

Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkili Sadiq Qurbanov, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev, İdarənin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Xətai Rayon İcra Hakimiyyətinin, Xətai rayon Gənclər və İdman İdarəsinin, Xətai rayon Polis İdarəsinin, Xətai rayon Veteranlar Şurasının nümayəndələri, I Qarabağ Müharibəsi şəhidi Zaur Məmmədovun ailə üzvləri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Öncə barelyefin açılış mərasimi keçirilib, qonaqlar Azərbaycan tarixinin Heydər Əliyev dövrünün gələcək nəsillərə aşılanması baxımından təhsil müəssisəsi tərəfindən belə addımların atılmasını yüksək dəyərləndiriblər.  

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu öndər Heydər Əliyev və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

BŞTİ-nin müdiri M.Vəliyeva “Heydər Əliyev İli” çərçivəsində 171 nömrəli tam orta məktəbdə Ümummilli Liderin barelyefinin açılış mərasiminin keçirilməsini önəmli missiya kimi qiymətləndirdiyini vurğulayıb. Şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək üçün belə təşəbbüslərin əhəmiyyətinin danılmaz olduğunu deyən İdarə müdiri təhsil müəssisələrində dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılması ilə Ulu Öndərin zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yarandığını diqqətə çatdırıb.

Çıxış edən millət vəkili S.Qurbanov Ulu Öndərin Vətənimizin müstəqilliyi, bütövlüyü uğrunda yorulmaz fəaliyyətinin bu gün yetişməkdə olan gənc nəslə örnək olduğunu bildirib. Qeyd edib ki, bütün sahələrdəki nailiyyətlər, o cümlədən də təhsil uğurları Heydər Əliyevin əsasını qoyduğu etibarlı təməllərə söykənir, daha parlaq gələcək üçün yeni hədəflər müəyyənləşdirir.

Tədbirdə məktəblilərin ifasında Ümummilli Lider Heydər Əliyevə, vətənpərvərlik mövzusuna həsr olunmuş şeirləri səsləndirilib, mahnılar ifa olunub, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Daha sonra məktəbin həyətində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.