06.04.2023

“Heydər Əliyev və müstəqil Azərbaycan dövlətçiliyi” mövzusunda akademik seminar keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev və müstəqil Azərbaycan dövlətçiliyi” mövzusunda akademik seminar keçirilib.

Seminar “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Seminarda YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Güloğlan Məmmədov, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

YAP Sabunçu Rayon Təşkilatının sədri  Araz Xudadanov  “Heydər Əliyev İli” çərçivəsində keçirilən seminarın əhəmiyyətindən, Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən danışıb.

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov “Heydər Əliyev və müstəqil Azərbaycan dövlətçiliyi”  mövzusunda məruzə ilə çıxış edərək Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni əsaslarını yaradan, canından əziz bildiyi müqəddəs ata yurdunu müstəqilliyə qovuşduran Dahi Şəxsiyyət olduğunu bildirib və Ulu Öndərin misilsiz xidmətlərindən bəhs edib.

Sabunçu Rayon İcra Hakimiyyəti  başçısının müavini Güloğlan Məmmədov Azərbaycanın dünya birliyində artan rolundan söz açıb.

Sonda məktəblilər Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı keçirilən seminar barədə öz təəssüratlarını bölüşüblər.