06.04.2023

 Mətbuat Şurasının sədri “Məktəbdə...” layihəsində

“Məktəbdə...” layihəsinin növbəti görüşü paytaxtdakı 96 nömrəli tam orta məktəbdə keçirilib.  

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin budəfəki qonağı yazıçı, jurnalist, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid olub.

Görüşdə R.Məcid məktəb illəri ilə bağlı xatirələrindən, müəllimləri, məktəbli dostları ilə unudulmaz anlarından, öz dövrünün məktəb mühiti ilə bugünün müqayisəsindən,   həyat yolunun maraqlı məqamlarından söz açıb.

R.Məcid insana dəyər qatan mənəvi keyfiyyətlərdən, xarakterin formalaşmasına təsir edən amillərdən, böyüdüyü Ağdamla bağlı xatirələrindən, işğaldan sonra yeni həyat qazanan doğma yurd yerlərimizdən, böyük qayıdışdan danışıb.

Qonaq daha sonra mütaliənin üstünlükləri, oxu vərdişlərini formalaşdırmağın yolları, həyatda və peşədə uğur qazanmağa təsir edən faktorlardan söz açıb, ixtisas seçimi astanasında olan gənclərə tövsiyələr verib, şagirdləri düşündürən suallara aydınlıq gətirib.  

Görüşü, həmçinin “İki sahil” internet televiziyası da işıqlandırıb.  

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.