07.04.2023

Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş tədbir

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş tədbir keçirilib.

Paytaxtdakı 53 nömrəli tam orta məktəbdə təşkil olunmuş tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, Elm və Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov, Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Təravət Muradova, BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Uyuşmasının fəxri üzvü Akif Azalp, OCEP layihəsinin rəhbəri Ceyhun Rəhmanov, layihənin koordinatoru Namiq Cəfərov, MOK-un əməkdaşları, Taekvando üzrə ikiqat Avropa çempionu İlkin Şahbazov və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycanın və Özbəkistanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tünzalə Zeynalova qonaqları salamlayıb və OCEP layihəsi çərçivəsində təşkil olunan tədbirlər və Özbəkistana səfərləri barədə danışıb.

BŞTİ müdiri Mehriban Vəliyeva olimpiya dəyərləri, mədəniyyətlərarası əlaqə, sülh və dostluğu təşviq edən OCEP layihəsi çərçivəsində ölkəmizdə təşkil olunan tədbirləri yüksək qiymətləndirib. İdarə müdiri proqram çərçivəsində Özbəkistanın tarixinin, mədəniyyətinin, incəsənətinin, idman ənənələrinin tədqiq edilməsinin Azərbaycan-Özbəkistan məktəbliləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə rəvac verdiyini bildirib.

Azərbaycan-Özbəkistan münasibətlərinin qədim tarixə malik olduğunu xatırladan M.Vəliyeva etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan Azərbaycan və Özbəkistan Respublikaları arasındakı əməkdaşlığın həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcəyinə inandığını söyləyib.

Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ölkəsi barədə Bakı məktəblilərinin iştirakı ilə hazırlanan maraqlı proqramı hər iki xalqın, ümumilikdə Türk dünyasının sarsılmaz birliyinə töhfə kimi dəyərləndirib. Səfir bildirib ki, bu tədbir qədim tarixi köklərə malik Azərbaycanla Özbəkistan arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha bir nümunəsidir.

 Yasamal RİH başçısının müavini T.Muradova, OCEP layihəsinin rəhbəri C.Rəhmanov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Uyuşmasının fəxri üzvü A.Azalp son illər ərzində Azərbaycanın Özbəkistanla əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildiriblər. Çıxış edənlər OCEP layihəsinin əsas məqsədinin Avropa Olimpiya Komitələrinə üzv ölkələrin uşaq və gəncləri vasitəsilə mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdən ibarət olduğunu diqqətə çatdırıblar.

Tədbirdə şagirdlərin ifasında Özbəkistan və Azərbaycanın milli rəqsləri, adət-ənənələrini əks etdirən ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Sonda Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri tərəfindən 53 nömrəli tam orta məktəbin şagirdlərinə Təşəkkürnamə, müəllimlərinə Fəxri Fərman təqdim olunub.