12.04.2023

“Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsi

“Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsi keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Avropa Hüquqşünas Tələbələr Assosiasiyası - Bakı İctimai Birliyi (“ELSA Azərbaycan”) ilə birgə təşkil etdiyi müsabiqədə ümumi təhsil məktəblərinin X-XI sinif şagirdləri və hüquq ixtisası üzrə təhsil alan tələbələr iştirak edir.

Müsabiqənin keçirilməsində məqsəd şagird və tələbələrin hüquqi biliklərinin artırılması, gələcəkdə fəal vətəndaş kimi onlarda öz hüquqları ilə yanaşı digər vətəndaşların da hüquqlarını müdafiə etmək bacarıqlarının formalaşdırılması, eləcə də onların real məhkəmə mühiti ilə tanışlığına imkan yaratmaqdan ibarətdir.

Müsabiqə çərçivəsində şagird və tələbələr “Hüquqa giriş”, “Məhkəmə prosesi ilə tanışlıq və vəkilin müdafiəetmə taktikaları” mövzularında 3 günlük təlim proqramında iştirak ediblər. Təlimlər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Günel Əhmədli tərəfindən keçirilib.

Müsabiqənin şifahi çıxışlardan ibarət mərhələsində şagird və tələbələr fərqli komandalarda  yarışacaqlar. 2 şagird və 1 tələbədən ibarət olmaqla, ümumilikdə 8 komanda biliklərini nümayiş etdirəcək. Daha sonra komandalara kazus (məhkəmə işi) göndəriləcək. Kazus müsabiqənin mübahisə əsasını təşkil edəcək və real məhkəmə işi formasında olacaq.

“Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsində komandalar seçmə üsulu ilə iddiaçı və cavabdeh kimi dörddəbir, ikidəbir və final mərhələlərində çıxış edəcəklər.

Sonda qaliblər müxtəlif nominasiyalar üzrə təltif olunacaqlar.