20.04.2023

“Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib

Paytaxtdakı 158 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib.

Tədbirdə millət vəkili Anar İsgəndərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, Yasamal RİH başçısının müavini Təravət Muradova, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayev, xalq artisti Ağadadaş Ağayev, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Bakı şəhəri 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova tədbir iştirakçılarını salamlayıb, dahi liderin Azərbaycan xalqı, dövləti qarşısındakı misilsiz tarixi xidmətləri, təhsilə göstərdiyi qayğı və diqqətindən söz açıb.

Daha sonra şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş olunub, Ulu Öndərin fəaliyyətindən bəhs edən qısa videoçarx nümayiş edilib.

BŞTİ-nin müdir müavini H.Əsgərov tədbirə şagirdlərin çox həvəslə hazırlaşmalarını müdrik şəxsiyyət Heydər Əliyevin ideyalarına sadiqliyin ifadəsi olduğunu bildirib.

Daha sonra çıxış edən millət vəkili A.İsgəndərov, YAP Yasamal rayon təşkilatının sədri B.Nəbiyev, Yasamal RİH başçısının müavini T.Muradova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri B.Şeydayev təhsil müəssisələrində şagirdlərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin ömür yolundan, siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edən ədəbi-bədii kompozisiyaların nümayiş olunmasını dahi rəhbərə sevgi, sədaqət, nümunəsi kimi dəyərləndiriblər.

Sonda fəaliyyətində fərqlənən müəllimlərə Fəxri fərmanlar təqdim olunub.