26.04.2023

II Bakı Elm Olimpiadasının final mərhələsi keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən II Bakı Elm Olimpiadasının final mərhələsi keçirilib.

Bakı Ali Neft Məktəbində (BANM) təşkil olunan tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Ümumi və təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev, BANM-ın Ümumi işlər üzrə prorektoru Babək Məmmədov, İdarənin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, finala vəsiqə qazanan məktəblərin komandaları iştirak ediblər.

Qonaqlar öncə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirələrini ehtiramla anıblar.

Daha sonra finala vəsiqə qazanmış 24 komanda 4 saat ərzində hər fənn üzrə 1 təcrübə işini (ümumilikdə 3 təcrübə işi) yerinə yetiriblər.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva II Bakı Elm Olimpiadasını yüksək təhsilli, savadlı, intellektual Azərbaycan gəncliyinin yetişməsinə hər zaman qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyevin və görkəmli elm xadimi, oftalmoloq Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə məktəblilərin ən dəyərli töhfəsi kimi dəyərləndirib.

M.Vəliyeva BANM-ın rəhbərliyinə və kollektivinə olimpiadanın final mərhələsinin keçirilməsi üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib. İdarə müdiri olimpiadanın şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərinin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradılması, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edildiyini söyləyib.

Elm və Təhsil Nazirliyinin Ümumi və təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev məktəblilərin beynəlxalq olimpiadalarda qazandıqları uğurlardan danışıb. Sektor müdiri olimpiadanın final mərhələsində təcrübə işinin yerinə yetirilməsinin məktəblilərin tədqiqat işlərinə marağının artırılmasına imkan yaratdığını, şagirdlərin ali təhsil müəssisələrinin təcrübə imkanlarından istifadə etməsinə şərait yaradılmasının mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Final mərhələsinə vəsiqə qazanan məktəbliləri təbrik edən BANM-ın Ümumi işlər üzrə prorektoru Babək Məmmədov belə olimpiadaların şagirdlərin bilik və bacarıqlarının artırılmasına, təlim motivasiyasının yüksəldilməsinə müsbət təsir göstərdiyini söyləyiv və məktəblilərə uğurlar arzulayıb.

Təcrübə işi 40 ballıq sistemlə qiymətləndiriləcək. Ən çox bal toplayan ilk 3 komanda qalib hesab olunacaq. Qaliblər Təşkilat komitəsi tərəfindən təyin olunmuş mütəxəssilərdən ibarət Ekspert qrupu tərəfindən müəyyənləşdiriləcək.

Qaliblərə diplom, medal və hədiyyələr təqdim ediləcək. Həmçinin final mərhələsində komandalar arasından ən yüksək bal toplayan komanda üzvləri diplomla təltif olunacaq.

Qeyd edək ki, II Bakı Elm Olimpiadasının I mərhələsində 320 ümumi təhsil müəssisəsindən 960 şagird iştirak edib. 24 komanda finala vəsiqə qazanıb. Hər komandanın tərkibində 3 şagird təmsil olunur.