28.04.2023

Paytaxt məktəblərində erkən nikah mövzusunda tədbirlər keçirilib

Paytaxt məktəblərində “Erkən nikahın və qohumlar arasında nikahın fəsadları” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlər Elm və Təhsil Nazirliyinin dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Xəzər və Nizami rayonları üzrə 183, 216, 129 və 229 nömrəli tam orta məktəblərdə keçirilən tədbirlərdə ümumilikdə 52 məktəbdən şagird, müəllim, valideyn və məktəb psixoloqları iştirak ediblər.

Tədbirlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən iştirakçılara erkən nikah və qohum nikahları, müvafiq problemlərin səbəbləri, fəsadları, bu məsələlərə dünyada və ölkəmizdəki yanaşmalar, qanunvericilik aktları və bu sahədə həyata keçirilən işlər barədə ətraflı məlumat verilib.

 Müzakirələrlə davam edən görüşlərdə mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra “Həyat pilləkəni” qısametrajlı filmi və “Sonradan” sosial çarxı, həmçinin erkən nikahlarla bağlı məlumatlandırma posteri nümayiş olunub.