05.05.2023

“Zəfər”in rəhbəri “Məktəbdə...” layihəsində

“Məktəbdə...” layihəsinin növbəti görüşü paytaxtdakı 53 nömrəli tam orta məktəbdə keçirilib.  

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin budəfəki qonağı “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Sevinc Orucova olub.

S.Orucova özünün məktəb illəri, gənclik, tələbəlik dövrü ilə bağlı xatirələrindən danışıb, həyat yolunun maraqlı məqamlarından söz açıb. Şagirdlərlə interaktiv şəkildə keçən görüşdə qonaq seçdiyi peşədə uğur qazanmasına səbəb olan amillərdən, fəaliyyət göstərdiyi sahələrdən danışıb, gələcəyə hesablanmış doğru ixtisas seçimləri, mütaliənin insana qazandırdığı üstünlüklər və digər mövzular barədə şagirdlərə tövsiyələrini verib.

S.Orucova yeniyetmə və gənclərdə vətənpərvərlik duyğuları, ləyaqətli insan və vətəndaş olaraq yetişməsində təhsil müəssisələrinin üzərinə düşən vəzifələr, torpağa, yurda bağlılıq, ana dilinə, milli-mənəvi dəyərlərə hörmət hissləri və digər maraqlı məqamlara toxunub, şagirdləri düşündürən sualları cavablandırıb.

Daha sonra qonaq şəhid övladlarının Şuşaya həsr etdikləri rəsm əsərləri əsasında hazırlanmış poçt markalarından ibarət tablonu və Xocalı faciəsi, Vətən Müharibəsi qəhrəmanları, Aprel döyüşləri şəhidi polkovnik-leytenant Raqub Orucova həsr olunan kitabları məktəbə hədiyyə edib.

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.