26.05.2023

“Biliyini paylaş” layihəsinin iştirakçıları təltif olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilmiş “Biliyini paylaş” layihəsinin iştirakçıları mükafatlandırılıb.

Mükafatlandırma tədbirində BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, layihənin iştirakçısı olan mentor müəllimlər iştirak ediblər.

Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva "Biliyini paylaş" layihəsinin keçirilməsində əsas məqsədin ümumi təhsil məktəblərində interaktiv və əsaslandırılmış tədrisə yönəlmiş layihəəsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı aktual məsələyə diqqətin artırılması, bu istiqamətdə yaradıcı və yenilikçi müəllimlərin qabaqcıl təcrübəsinin öyrənilməsindən ibarət olduğunu bildirib.

İdarə müdiri ümumi təhsil məktəblərinin müəllimləri arasında kommunikasiya və təcrübə mübadiləsinin təmin edilməsi, müəllimlərin bacarıqlarının təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin inkişafı baxımından bu cür layihələrin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

M.Vəliyeva təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edən layihə və inkişafyönümlü pilot proqramlarında qazanılan uğurların yeni ideyaların meydana gəlməsinə və təşəbbüskarlığın artmasına zəmin yaratdığını, belə layihələrin məktəblilərin də gələcək nailiyyətlərinə müsbət təsir göstərəcəyinə inandığını söyləyib. İdarə müdiri Biliyini paylaş” layihəsinin iştirakçılarını təbrik edib, şəxsi həyatlarında və peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

Biliyini paylaş” layihəsinin iştirakçıları göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, 59 mentor müəllim diplom və hədiyyə ilə, onların komanda üzvləri isə Təşəkkürnamə ilə təltif olunublar.