07.06.2023

Özbəkistan Respublikasının nümayəndələri inklüziv təhsil siniflərində

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının nümayəndələri paytaxtdakı 138 nömrəli tam orta məktəbdə olublar. Belə ki, Özbəkistan Respublikasının nümayəndələri, “Zamin” beynəlxalq ictimai fondun icraçı direktoru Tamila Əliyeva və fondun sosial layihələrin icrası üzrə rəhbəri Şahnaz İşmatova inklüziv təhsil siniflərində tədrisin təşkili ilə maraqlanıblar.

Görüşdə elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Bakı Şəhəri üzrə Təhsil idarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Respublika psixoloji-tibbi-pedaqoji komissiyasının sədri Anar Xələfov, BŞTİ-nin Təhsilin Keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Ümumi təhsilin təşkili sektorunun nümayəndəsi Elşad Səfixanov, Sosial Xidmətlər Agentliyinin aparıcı mütəxəssisi Hümbət Mustafayev iştirak ediblər.

Məktəblə tanışlıqdan sonra qonaqlara məktəbin fəaliyyəti və əldə olunmuş uğurlar haqqında geniş məlumat verilib.

Tədbirdə çıxış edənlər “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər və inklüziv təhsil siniflərində müəllimlərin üzərinə düşən vəzifələr barədə məlumat veriblər.

Görüş zamanı sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin təşkili barədə səmərəli fikir mübadiləsi aparılıb, Azərbaycan ilə Özbəkistanın təhsil müəssisələri arasındakı əməkdaşlıq istiqamətləri, həyata keçirilən layihələr müzakirə olunub.

Tədbirdə məktəbin şagirdi tərəfindən özbək rəqsi ifa olunub.

 

/ 5