12.06.2023

Bakı Zooloji Parkında 509 dərs-ekskursiya keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 142 ümumi təhsil müəssisəsi  tərəfindən 2022-2023-cü tədris ili ərzində Bakı Zooloji Parkında 509 dərs-ekskursiya keçirilib.

II yarımil ərzində təşkil olunan dərs-ekskursiyalara ümumilikdə 12 429 şagird cəlb edilib.

Dərs-ekskursiyaların keçirilməsində məqsəd şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, onların mövzuları praktik öyrənməsini təmin etmək, dərsə marağını və Azərbaycanın flora və faunası barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir.

Bakı Zooloji Parkında əsasən həyat bilgisi, biologiya və coğrafiya fənləri üzrə dərslər keçirilib.

Dərs-ekskursiyalar “Canlılar aləmi”, "Yer təbiətinin müxtəlifliyi”, “Canlıların müxtəlifliyi”,  “Heyvanlar və bitkilər”, “Bitki və heyvanların yaşayış mühiti”, “Azərbaycanın bitki və heyvanlar aləmi”, “Canlıların yaşadığı yerlər” və s. mövzular əsasında təşkil olunub.

Dərs-ekskursiyaların gedişində dərsə dair tədqiqat sualları qoyularaq müvafiq tapşırıqlar verilib. Ekskursiyalardan sonra şagirdlərə heyvanlar aləmi barədə fikir və təəssüratlarını əks etdirən esse yazmaları və ya təqdimat hazırlamaları tapşırılıb.