26.09.2023

Məktəb direktorları üçün maarifləndirici görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” nın icrası ilə bağlı maarifləndirici görüş keçirilib.

Paytaxtdakı 20 nömrəli məktəb-liseydə təşkil olunan görüşdə BŞTİ-nin müdir müavinləri Hüseyn Əsgərov, Anar Məmmədov, Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Təhsilin keyfiyyətinə nəzarət sektorunun nümayəndəsi Nazim Bağırov və məktəb direktorları iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 Görüşdə Təhsilin keyfiyyətinə nəzarət sektorunun nümayəndəsi Nazim Bağırov bildirib ki, ötən dövr ərzində təhsil müəssisələrində korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb, müvafiq məsələlərin aradan qaldırılması, rəhbər-işçi, müəllim-şagird münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi tədbirlərə əsaslanan ardıcıl islahatlar həyata keçirilib.

Paytaxtdakı təhsil müəssisələrinin rəhbərləri ilə məktəblərdə neqativ halların qarşısının alınması istiqamətində mütəmadi olaraq profilaktik söhbətlər aparıldığı və təlimatlandırıcı tövsiyələr verildiyi bildirilib.

Görüşün sonunda müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.