14.11.2023

Kitab sərgisində məktəblilərdən maraqlı təqdimat

Paytaxt məktəbliləri 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində maraqlı təqdimatla çıxış ediblər.

Bakıdakı 124 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Sənubər Əliyeva və III sinif şagirdlərinin iştirakı ilə nümayiş olunan təqdimat uşaq yazıçısı Sevinc Nuruqızının “Duman pəriləri ŞU-ŞA” kitabının motivləri əsasında hazırlanıb.   

Təqdimatın əsas məqsədi məktəblilərin Vətənə məhəbbət ruhunda tərbiyəsini tərənnüm etmək, onlarda vətənpərvərlik, torpağa bağlılıq hissini gücləndirmək, Qarabağın tacı olan Şuşanı gənc nəsillərə tanıtmaq, həmçinin şagirdlərin mütaliəyə marağını artırmaqdan ibarətdir.

Təqdimat zamanı şagirdlər tərəfindən Şuşanın azadlığa qovuşması, qədim tarixi, mədəniyyət abidələri, tarixi şəxsiyyətləri haqqında səhnəcik nümayiş etdirilib.

Təqdimat çərçivəsində şagirdlərin rəqs kompozisiyaları da maraqla qarşılanıb.