13.12.2023

Valideynlər inklüziv siniflərdə

İnklüziv siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin valideynləri məktəbdə tədris prosesi ilə tanış olurlar.

Tanışlıq prosesi zamanı valideynlər övladlarının təhsil aldığı müəssisə ilə yaxından tanış olur, onlar məktəbin infrastrukturu, tədris resursları və təhsil müəssisəsində həyata keçirilən layihələr barədə məlumatlandırılır, məktəbin pedaqoji heyəti və texniki işçiləri ilə ünsiyyət qururlar.

Həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi, 1 nömrəli psixoloji-tibbi-pedaqoji komissiyanın sədri Elşad Səfixanov və məktəb rəhbərliyi tərəfindən inklüziv təhsillə bağlı ətraflı məlumat verilir, bu kateqoriyadan olan uşaqların valideynlərinin nəzərə almalı olduqları zəruri məsələlərə dair tövsiyələr deyilir, valideynləri maraqlandıran suallar cavablandırılır.

Qeyd edək ki, məqsəd valideynlərin məktəb mühiti ilə yaxından tanışlığı və onlara təhsil müəssisəsinin fəaliyyəti, inklüziv tədrisin təfərrüatları barədə ətraflı məlumat verməkdən ibarətdir.