22.12.2023

“Zirvəyə ucalan ömür” adlı tədbir keçirilib

Paytaxtdakı ümumi təhsil müəssisəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Zirvəyə ucalan ömür” adlı tədbir keçirilib.

Paytaxtdakı 10 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, məktəbin direktoru Şəfayət Orucova, məktəbəqədər və ümimi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, müstəqil Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan 10 nömrəli tam orta məktəbin direktoru Ş.Orucova bildirib ki, məktəblilər tədris prosesində fəal olduqları kimi məktəbdənkənar tədbirlərdə də fərqlənir, maraqlı və məzmunlu proqramlar hazırlayırlar.

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov ümummilli lider Heydər Əliyevin təhsilə, elmə verdiyi önəmdən, diqqət və qayğısından danışıb, gələcəyimiz olan şagirdlərin dahi liderin örnək həyatı, dövlətçilik fəaliyyəti barədə məlumatlandırılmasında təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən söz açıb.

Bildirib ki, uzun müddətdir ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı dərslər keçirilir. Həmçinin mütəmadi olaraq hər il ümumi təhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümləri ərəfəsində “Ən yaxşı təqdimat” müsabiqəsi təşkil olunur.

Daha sonra ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarxlar nümayiş olunub.

Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam edib.