27.12.2023

Əcnəbi şagirdlər Azərbaycan dilinə olan sevgilərindən danışdılar

Paytaxtdakı 193 nömrəli tam orta məktəbdə əcnəbi şagirdlərin təqdimatında “Azərbaycan dilinə olan sevgim” adlı tədbir keçirilib.

Tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva,  Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, Vətən Müharibəsi şəhidi Ələddin Səidovun atası Azər Səidov, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, Filologiya elmləri doktoru Almaz Binnətova, Tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, Filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva, şair Ramiz Qusarçaylı, məktəb direktorları, əcnəbi şagirdlərin ailələri və digər qonaqlar iştirak ediblər.

Tədbir əcnəbi şagirdlərin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən məktəbin direktoru Nihal Hacıyeva əsas məqsədin ölkəmizdə təhsil alan əcnəbilərin ana dilimizdə sərbəst danışmasına kömək etmək, dilimizin zənginliyini, ahəngdarlığını onlarla bölüşmək və Azərbaycanın milli dəyərlərini təbliğ etməkdən ibarət olduğunu bildirib.

MÜTDA-nın direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva qarşıdan gələn 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yen il münasibətilə əcnəbi şagirdləri və tədbir iştirakçılarını təbrik edərək onlara uğurlar arzulayıb.

M.Vəliyeva əcnəbi uşaqların intellektual inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması məqsədilə həyata keçirilən təşəbbüslərin önəmini vurğulayıb. Qeyd edib ki, əcnəbi şagirdlərin təqdimatında Azərbaycan dilində nümayiş olunan tamaşa onların ölkəmizdə həmrəy olduqlarını göstərməklə bərabər, həm də dostluq, sülhə çağırış ənənəsinin təlqin edilməsi baxımından əhəmiyyətlidir. M.Vəliyeva bildirib ki, müxtəlif ölkələrdən olan uşaqların Azərbaycan dilini öyrənməsi, ölkəmizin mədəniyyəti ilə yaxından tanış olması qloballaşan dünyada Azərbaycanın möhkəmlənən mövqeyinin təzahürüdür.  

Tədbirdə çıxış edən “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri X.Ələsgərli və əcnəbi valideynlər şagirdlər üçün faydalı olan bu cür təşəbbüsün reallaşdırılmasında əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.  

Tədbirdə məktəbdə təhsil alan əcnəbi şagirdlər tərəfindən səhnələşdirilən “Arşın mal alan” filmindən bir parça nümayiş olunub. Həmçinin əcnəbi şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış edib, Azərbaycan dilində mahnılar səsləndiriblər. Əcnəbi şagirdlərin rəqs nümunələri də maraqla qarşılanıb.