17.01.2024

İnternat məktəbində tariximizin qəhrəmanlıq səhifəsi anılıb

Paytaxt məktəbində 20 Yanvar hadisələrinə həsr olunmuş “Azadlığa gedən yolun carçıları” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları öncə məktəbin şəhid məzunlarının xatirə lövhəsinin qarşısına gül dəstələri qoyublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi və xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Bakı şəhəri 10 nömrəli sanatoriya tipli internat məktəbində keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, şəhid ailələri, qazilər, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan internat məktəbinin direktoru Fərid Quliyev 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açıb. Eləcə də 20 Yanvar hadisələrinin nəticələrindən, ulu öndər Heydər Əliyev tərəfindən faciəyə verilən hüquqi-siyasi qiymətdən danışıb.

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov  Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 1990-cı ilin 20 Yanvar hadisələrindən söz açıb.

Tariximizin qəhrəmanlıq səhifəsi ilə fəxr etməli olduğumuzu qeyd edən müdir müavini əsas vəzifənin əldə etdiyimiz müstəqilliyimizi qorumağın, həmrəy olmağın, dövlətimizin ətrafında sıx birləşməyin, həmçinin bütün bu tarixi hadisələrdən dərs çıxarmağın vacibliyindən bəhs edib.

 Tədbirə dəvət olunan şəhid anaları və Vətən Müharibəsi qaziləri şəhidlərimizin Vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərdən danışıb, onlarla qürur duyduqlarını söyləyiblər. Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin daim qəlblərdə yaşayacağını, onların göstərdiyi fədakarlıqların, qəhrəmanlıqların heç zaman unudulmayacağını bildiriblər.

Daha sonra tədbir məktəblilərin hazırladığı videoçarx, səhnəcik və ədəbi-bədii kompozisiyalarla davam edib.