02.02.2024

Yaradıcı müəllimlər təltif olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" mövzusunda təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Mükafatlandırılma mərasimində Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sabiq sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rüfət Əsədzadə, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Mehriban Vəliyeva 2 Fevral- Azərbaycan Gəncləri Günü münasibətilə gənc müəllimləri təbrik edib, onlara xoş arzularını bildirib. Gənc müəllimlərlə maarifçilik ənənələrinə dair keçirilən görüşlər barədə danışan M.Vəliyeva yaradıcı müəllimlərə Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr vermiş böyük pedaqoq F.B.Köçərlinin ideyalarından bəhrələnərək XXI əsr bacarıqlarını aşılayan, yenilikçi təşəbbüslərlə təhsilimizə yeni məzmun gətirəcəklərinə inamını ifadə edib.

Sürətlə dəyişən dövrün müəllimdən yeni axtarışlar, ideyalar, yeni yanaşmalar, yenilikçi təşəbbüslər tələb etdiyini deyən M.Vəliyeva bu baxımdan "Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" kimi müsabiqələrin keçirilməsinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, qabaqcıl təcrübə, yaradıcılıq, şəxsi intuisiya, öz işini və uşaqları sevmək, təşkilatçılıq, idarəçilik və digər xüsusiyyətlər müəllim peşənin özünməxsusluğunun əsas göstəriciləridir.

Müsabiqənin məqsədi və əhəmiyyəti barədə danışan M.Vəliyeva "Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" mövzusunda təqdimat müsabiqəsində iştirak edən müəllimlərin dəyişən, yeniləşən dünyamızın, cəmiyyətimizin quruculuğunun fəal iştirakçılarından olduqlarını diqqətə çatdırıb.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü R.Əsədzadə yaradıcı, yenilikçi və daim öz üzərində çalışan müəllimləri aşkara çıxarmaqda, onları bütün ictimaiyyətə təqdim etməkdə bu cür müsabiqələrin keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirib.

Daha sonra müsabiqədə I, II və III yerə layiq görülmüş müəllimlərə diplomlar təqdim olunub, həvəsləndirici yer tutan iştirakçılar Tərifnamə, digərləri isə fəal iştiraklarına görə Təşəkkürnamə ilə təltif ediliblər.

Tədbir ədəbi-bədii kompozisiyalarla davam edib.