13.02.2024

Vahid Əziz: Məktəb zirvələrə gedən pillədir

“Məktəbdə...” layihəsində növbəti görüş Bakı şəhəri 321 nömrəli tam orta məktəbdə keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən layihənin budəfəki qonağı Xalq şairi Vahid Əziz olub.  

Qonaq əvvəlcə şagirdlərin əl işlərindən ibarət “Zəfər guşəsi” ilə tanış olub.

Şagirdlərlə səmimi ünsiyyət ortamında keçən görüşdə V.Əziz xatirələrlə dolu məktəb illərindən, sevimli müəllimlərindən danışıb, müqəddəs ocaq bildiyi məktəbə, dəyərli peşə sahibləri olan müəllimlərə həsr etdiyi şeirlərini oxuyub. V.Əziz həyat yolunun maraqlı məqamlarından, sürətlə dəyişən dünyada nəsillər arasındakı oxşar və fərqli cəhətlərdən söz açıb.

Xalq şairi Vətən Müharibəsində Azərbaycan gənclərinin bütün dünyaya nümayiş etdirdiyi qəhrəmanlığı yeniyetmə və gənclər üçün ən gözəl vətənpərvərlik nümunəsi kimi dəyərləndirib. Məktəbi zirvələrə doğru gedən pillə adlandıran V.Əziz şagirdlərə gələcəkdə seçdikləri peşənin kamil mütəxəssisi olmağı arzulayıb, həyatda uğura nail olmağın yolları barədə tövsiyələrini verib, məktəbliləri düşündürən sualları cavablandırıb. 

Daha sonra məktəblilər V.Əzizin Vətənə, Qarabağ Zəfərinə həsr olunmuş şeirlərini səsləndiriblər.

Sonda qonaq imzalı kitablarını məktəbin dəhlizində yaradılmış “Oxu guşəsi”nə hədiyyə edib.

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.